Milli Məclisin Səhiyyə komitəsinin dünən keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdən sonra Azərbaycanda dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər də cərimə ediləcək. Belə aksiyaların keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcək.
Tibb elmləri doktoru, həkim Adil Qeybulla Oxu.Az-a açıqlamasında, dərman reklamı ilə bağlı cərimələrin artırılmasını və fiziki şəxslərin də məsuliyyətə cəlb edilməsini müsbət qarşıladığını bildirdi:
“Mən deyərdim ki, dərman reklamı, ümumiyyətlə, qadağan edilməlidir. Azərbaycanın dərman bazarındakı vəziyyət heç bir yerdə yoxdur. Dünyanın heç bir yerində reseptsiz dərman satılmır. Bizdə isə reklam olunan dərmanları istənilən şəxs həkim təyinatı olmadan aptekdən və ya başqa yerdən əldə edə bilir. Dərmanın əks təsirləri ilə üzləşdikdə isə artıq gec olur. Mən deyərdim ki, bu qadağalar gecikib. Yeni qəbul edilmiş qanunda dərman reklamı ilə məşğul olan fiziki şəxslərin də məsuliyyətə cəlb edilməsi məni sevindirdi. Bu qanun çoxdan qüvvəyə minməli idi. Çünki insanların sağlamlığı ilə bağlı məsələlərə həssas yanaşılmalıdır. Məsuliyyət daşısalar, belə halların qarşısını almaq olar. Azərbaycan dünyanın getdiyi yolla getməlidir”.
Ekspert dərman reklamlarının informasiya xarakteri daşımalı olduğunu vurğuladı: “Daha bizdəki kimi “ən yaxşı”, “ən keyfiyyətli” və digər ifadələrlə istehlakçını cəlb etmək olmaz. Reklam edilən dərmanlar əsasən xaricdən gətirilir. Yaxşı olar ki, ölkəyə idxal olunan dərmanların keyfiyyətinə də ciddi nəzarət edilsin”.
Zülfiyyə Qurbanova
www.oxu.az