Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı maye qazdoldurma məntəqəsində quraşdırılmış 2 ədəd maye qaz çəninin üzərində olan qoruyucu klapanların dövri yoxlamasının aparılmadığı, həmçinin sözügedən çənlərin texniki baxışının keçirilmədiyi məlum olub.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.