Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümünün ilkin səbəbi məlum olub.
Oxu.Az bildirir ki, xəstəxananın cərrah həkimi İdris Əliyev APA-ya deyib ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ qolunun said sümüyünün sınığı diaqnozu ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına gətirilib.
Uşağın qolu 28 gün əvvəl sınıb, valideynləri bununla bağlı həkimə müraciət etməyib, travmatoloji yardım almayıb. Onun qolu ara həkimin köməyi ilə səhv müalicə olunub.
“Qolu ağrıdığı üçün valideynləri onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına gətirərək rentgen müayinəsindən keçiriblər və xəstənin qolunda cərrahiyyə əməliyyatının aparılması məsləhət görülüb. İyulun 10-da xəstəxanaya daxil olan uşağın əməliyyata hazırlanması prosesi başlayıb, bir neçə sahə üzrə müayinələr aparılıb və narkoz vurulub. Saat 16:00-da cərrahiyyə əməliyyatı başlanmalı olduğu halda, icra edilə bilməyib. Həmin vaxt uşağın halı pisləşib və ürək dayanması baş verib. Bir saat yarım bütün reanimasion tədbirlər görülməsinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Hadisə cərrahiyyə blokunda baş verib, lakin uşaq cərrah həkimin əməliyyata başlamasından öncə, yəni ümumi keyitmə zamanı dünyasını dəyişib”.
İdris Əliyevin sözlərinə görə, ölümə keyitmə zamanı istifadə olunan hansısa preparat səbəb olub və bunu ekspertiza müəyyənləşdirəcək.
“Narkoz prosesində primidikasiya olunduqdan sonra müxtəlif preparatların silsilə şəkildə bədənə yeridilməsi işləri görülüb. Həmin preparatların hansısa biri bronxospazm, ürək dayanması, anaflaktik şok hallarına səbəb ola bilər. Bu hadisə prosedur qaydada narkozun fəsadı kimi qeydə alınıb. Narkoz insanın həyatına son qoya bilər. Bu hadisədə cərrah həkim kimi məni günahlandırmaq düzgün deyil. Xəstə ümumi keyitmə prosesində dünyasını dəyişib və ona cərrahiyyə əməliyyatı tətbiq etmək mümkün olmayıb” - deyə, o əlavə edib.
Uşağa narkoz vermiş həkim Nizaməddin Məsimov hadisədən sarsıldığı üçün açıqlama verə bilməyəcəyini deyib.
Qeyd edək ki, Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.
12:30
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qolu sınan uşağın ölüm faktı üzrə Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırmalara başlanacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş pediatrı, Uşaq və yeniyetmələrin sağlamlığının yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə Səhiyyə Nazirliyinin Komissiyasının sədri Nəsib Quliyev mövqe.az-a açıqlamasında deyib.
O bildirib ki, meyidin təşrihinin nəticələrindən sonra ölüm faktı üzrə Komissiyada araşdırmalara başlanılacaq: “Hazırda biz təşrihin nəticələrini gözləyirik. Ölən uşağın xəstəlik tarixçəsi, müvafiq sənədlər, eləcə də təşrihin nəticəsi barədə arayış bizə təqdim olunandan sonra Komissiya araşdırmalara başlayacaq”.
N. Quliyev onu da qeyd edib ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu əməliyyata başlamazdan öncə, ağrısızlaşdırma, anesteziya zamanı dünyasını dəyişib: “Hələki ölümün səbəbi dəqiq bilinmir. Anesteziya zamanı dərmanların yan təsiri də ola bilər. Məlum olan odur ki, aneteziya zamanı xəstənin ürəyi dayanıb”.
Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova hazırda faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işinin açıldığını bildirib.
10:10
Ağdaşda əməliyyata qaldırılan 9 yaşlı Mehralıyev Seymur Qoşqar oğlunun ölüm səbəbi bəlli oldu.
Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuruyev Nuru Oxu.Az-a açıqlamasında xəstənin anaflatik şokdan dünyasını dəyişdiyini bildirdi:
“Xəstə əməliyyata girməzdən 20 dəqiqə əvvəl ona “narkoz” vurulub. Əməliyyata girmədən anaflatik şok vəziyyətinə düşüb. Həkimlər onu bu vəziyyətdən çıxarmaq üçün 10 dəqiqə çalışıblar. Lakin cəhdləri uğursuz alınıb”.
Baş həkim bildirib ki, hazırda ölümün baş vermə səbəbləri araşdırılır. Uşağın meyiti yarılıb və ekspertiza təyin edilib. Patoloji anatomik ekspertizadan sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək.
09:50
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
Oxu.Az məlumatına görə, APA-nın yerli bürosunun xəbər verir ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib.
Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Xəstəxanadan məlumat təsdiqlənib.
Zülfiyyə Qurbanova
www.oxu.az