“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Sülh korpusu və “Gulsam” Əlillərin Dizayn İctimai Birliyi Ağsu şəhərində bir qrup qadınlar arasında Gender bərabərliyi haqqında Qanunun müzakirəsini aparıb.
Oxu.Az AzNews.Az-a istinadən xəbər verir ki, müzakirə zamanı qanundan irəli gələn müddəalar iştirakçıların diqqətinə çatdırılıb. Təlimdə qadınların qərar qəbul etmədə iştirakına mane olan amillərə toxunulub.
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramının çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasından ibarət QHT Koalisiyası tərəfindən icra olunan “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası” layihəsi çərçivəsində Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununa yenidən baxış edilərək qanunda mövcud olan boşluqlarla bağlı paket təkliflər hazırlanıb. Bu tədbirdə həmin boşluqlar iştirakçılarla birgə müzakirə edilərək, onların rəyi öyrənilib.
Təlim zamanı iştirakçılar tərəfindən mövcud vəziyyətlə bağlı təhlil göstərdi ki, Ağsu rayonunda qadınlara qarşı qatı stereotiplər mövcuddur. Hətta rayonda vəzifədə olan qadınlarla ailə qurmaq belə böyük qəbahət hesab edilir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə rayonda qadınlara qarşı mövcud stereotiplərin aradan qaldırılmasına dair uzun müddətli proqramların hazırlanmasını təklif edir. Bu regiondan olan qadınların qadın iştirakçılığı proqramlarında daha aktiv fəaliyyətinin təmin edilməsi, eləcə də onların vasitəsilə mühitin dəyişməsinə təsir etməyi təklif edir. O cümlədən Gender bərabərliyinin təminatında stereotiplərin aradan qaldırılmasına təsir edə biləcək kişi iştirakçılığının da nəzərdə tutulmasını effektiv addım kimi qiymətləndirir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi bu prosesdə Ailə, Uşaq və Qadın Problemləri üzrə dövlət Komitəsinə könüllü yardımını təklif edir.