Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “2014-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, Nazirlik tərəfindən daha 40 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bununla son bir həftədə artıq 80 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib.
Qeyd edək ki, mayın 16-da Nazirliyin təşəbbüsü ilə də eyni tədbir keçirilib.
İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar balıq ovunda, ətraf rayonlarda gəzintilərə aparılır, tibbi və fizioterapevtik proseduralarla təmin edilirlər.
“Cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında mənalı istirahətinin təşkili nəzərdə tutulur”, - məlumatda deyilir.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb-gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.
Gülnarə Zeynalova
www.oxu.az