Azərbaycanda Ali məktəblər üçün yeni qaydalar təsdiq olundu.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq edilən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ına əsasən, ixtisasın dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı üzrə qəbul planı ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılır.
Qaydalara görə ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.
Bakalavriat səviyyəsində xarici ölkə ali təhsil müəssisəsində təhsil alan tələbənin ailəsi və ya özü təhsil aldığı müddətdə ailə qurması ilə əlaqədar Azərbaycana köçdükdə yuxarıda qeyd olunan tələblər ali təhsil müəssisəsini və ya ixtisasını dəyişməsi zamanı nəzərə alınmır. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında (qiyabi təhsilalma formasından əyaniyə keçirilərkən çağırış yaşı çatmış oğlanlar üçün hərbi xidmətdən möhlət hüququ barədə arayış əlavə olunmaqla) rektorun əmri ilə həyata keçirilir. Bu halda oğlanların hərbi uçot sənədlərində müvafiq qeydlər aparılır.
Digər ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmək istəyən tələbə müəyyən sənədləri təqdim etməklə köçürülmək istədiyi ali təhsil müəssisəsinə ərizə ilə müraciət etməlidir. Tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsində onun təqdim etdiyi sənədlər "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması və dünya reytinq cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq sorğular göndərilməklə köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Köçürülmə üçün əsas olmadığı hallarda ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Tələbələrin köçürülməsi mümkün sayıldığı hallarda ali təhsil müəssisəsi onların siyahısını Təhsil Nazirliyinə təqdim edir.
Bundan başqa, Azərbaycanda tələbələrin hansı hallarda ali məktəblərdən xaric ediləcəyi məlum olub.
Belə ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ına əsasən, tələbə bəzi hallarda ali təhsil müəssisəsindən xaric edilə bilər.
Belə ki, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali məktəbdən xaric olunur.
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər hərbi xidmətə çağırışdan möhlət hüququnu itirirlər. Ali təhsil müəssisəsinin rektoru tərəfindən həmin şəxslərin xaric olunması barədə onların hərbi uçotda olduqları dövlət qurumlarına bir həftə müddətində rəsmi məlumat verilir.
Tələbələr sırasından xaric edilmiş şəxsə akademik arayış və təhsil haqqında sənədin əsli verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.