Mobil operatorların müştəri bazası əsasında abunəçilərə zəng edərək satış və xidmətlər barədə məlumatlandırma fəaliyyəti ilə məşğul olan "Alpi" MMC-nin əməkdaşları iş şəraitindən narazıdırlar.
Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olan müraciətdə şirkətdə əməkhaqlarının gecikdirildiyi, bonus sisteminin ləğv olunduğu və işçilərə qarşı təzyiqlərin artdığı iddia edilir.
Şikayətçinin sözlərinə görə, şirkətdə bəzi əməkdaşlar qeyri-rəsmi qaydada çalışdırılır, əməkhaqları isə vaxtında ödənilmir:
"45 gündür əməkhaqqı ala bilmirik. Maaşımız 400 manatdır. Əvvəl bonus verirdilər, indi onu da özləri götürür, bizə ödəmirlər. Bonus sisteminin ləğvi, maaşların vaxtında verilməməsindən əlavə, əməkdaşlara psixoloji təzyiq və çox kobud münasibət göstərilir. Maaşların gecikməsi səbəbindən kirayə və digər gündəlik xərclərimizi ödəməkdə çətinlik çəkirik".
O da iddia edilib ki, şirkət əməkdaşları əmək müqaviləsi olmadan işlədir.
"Bizə söz verirlər ki, müqavilə bağlanacaq, amma vaxtı uzadırlar və müqavilə imzalanmır. Yalnız vergidən yoxlama gələndə əl-ayağa düşürlər, sonra yenə hər şey olduğu kimi davam edir. İyun ayından burada çalışıram və hələ də müqaviləm yoxdur. Mənim kimi digər işçilər də bu problemdən əziyyət çəkirlər. İnsanların ehtiyacından istifadə edib onların haqlarını tapdalayırlar", - deyə vətəndaş bildirib.
Məsələ ilə bağlı "Alpi" MMC-yə sorğu ünvanlanıb. Özünü şirkət nümayəndəsi kimi təqdim edən Aybəniz xanım əvvəlcə məsələyə aydınlıq gətirəcəyini bildirsə də, sonradan dəfələrlə etdiyimiz zəng və mesajlara cavab verməyib.