2013-cü il noyabrın 24-də amerikalı Şayan Sarkar və onun həyat yoldaşı Sima Şah So Others Might Eat (S.O.M.E) hərracında Azərbaycana səfər bileti qazanıblar.
Şayan deyir ki, o, bu hərracda ayda bir dəfə iştirak edir. Onun sözlərinə görə, Booz Allen şirkətindən olan həmkarları ilə hərracın mətbəxində könüllü kimi çalışır. Şayan Sarkar heç zaman Azərbaycanda və Qafqazda olmasa da, tale elə gətirib ki, o, S.O.M.E. xeyriyyə hərracında ölkəmizə səfər imkanı əldə edib.
Azərbaycana uçuş və ölkəmizdə qalmaq üçün şərait S.O.M.E. hərracı üçün səfəri maliyyələşdirmiş Azərbaycan-Amerika Alyansı tərəfindən təşkil edildi. Marşrut isə Şayan və onun həyat yoldaşı tərəfindən seçildi.
Google-də axtarış aparan cütlük burada Süleyman adlı bələdçi ilə tanış olurlar. Süleyman onları Bakının qədim hissəsinə gətirdi. Tarix üzrə elmi dərəcəyə malik olan Süleyman çox gözəl bələdçi idi və qonaqlara Bakının qorunub-saxlanılmış tarixi mərkəzini göstərə bildi.
“Süleyman öz xeyirxahlığı və daim yardım etməyə hazır olması ilə bütün Azərbaycan xalqını təcəssüm etdirirdi”, - deyə, Şayan bildirir.
Azərbaycan turistlər üçün tez-tez səfərlərin edildiyi ölkə olmasa da, Şayan və Simanı burada çox xoş qarşılayıblar.
Süleyman Şayan və Simanı Bakının şimalında, Mərdəkan qəsəbəsində yerləşən, turistlər üçün həmişə açıq olmayan qalaya gətirdi.
Qalanın baxıcısı Süleymanın yaxın dostu olduğu üçün qapını səyyahların üzünə açdı və onlara Bakıya və onun ətrafına açılan möhtəşəm mənzərəni seyr etmək üçün tozlu dəhlizlərdən keçib qalanın ən hündür yerinə qalmxalarına icazə verdi. Qalanın baxıcısı da çox qonaqpərvər insan olduğunu göstərdi. O, xarici qonaqları çay süfrəsinə dəvət etdi və hətta əslən Hindistan mənşəli amerikalılar olan Şayan və Sima üçün hind filmlərindən mahnılar da oxumağa çalışdı.
Hətta azərbaycanlılarla təsadüfi qarşılaşma onların xeyirxahlığını göstərirdi. Metroda tamamilə Azərbaycan dilində olan aparatı idarə etməyə çalışan Şayan və onun həyat yoldaşı sorğu bürosundan kömək istədilər. Köşkdə oturmuş qadın oranı bağlayaraq, cütlüyün köməyinə gəldi. Hətta sorğu bürosunun qarşısında növbə olsa da, insanlardan heç biri narazılıq yaxud səbrisizlik nümayiş etdirmədi.
Azərbaycan xalqı Şayan və Simanı öz mədəniyyətini paylaşmaq üçün böyük həvəslə qarşıladı.
Səyahətçilərdən heç kim başqa ölkəyə səfər edəndə problemlərlə qarşılaşmasını istəmir. Lakin yeni ölkədə daim yeni nə isə bir şey baş verir. Bu halda isə narahatlıqlar əbəs idi. Azərbaycan xalqı Şayan və Simanı gülər üzlə qarşıladı.