Azərbaycanda əvvəlcədən əlbir olaraq qız qaçıran şəxslərə hökm oxunub.
Oxu.Az 2021-ci ilin may ayında rayonlardan birində baş vermiş hadisənin təfərrüatını təqdim edir.
1993-cü il təvəllüdlü Samir (ad şərtidir) fərdi əməklə məşğuldur.
Onun anası oğlunun evlənməsi üçün qız seçimini öz üzərinə götürür. Oğluna bir qız fotosu göstərir və Samiri həmin xanımla ailə həyatı qurması üçün dilə tutur. “Yaxşı qızdır, bununla evlən” - deyə, ana oğluna bildirir.
Qız haqqında qısa məlumat
Aynur (şərtidir) aptekdə təcrübəçi kimi işə düzəlib. Burada təcrübə keçdikdən sonra xəstəxananın önündəki apteklərin birində eynək ustası işləməyi qarşısına hədəf qoyub.
Aynur 2003-cü il təvəllüddür, yəni, Samirdən düz on yaş kiçikdir.
Oğlan qızı görür
Samir anasının məsləhətindən sonra Aynur işləyən yerə gəlir, eynək düzəltmək adı ilə Aynurla ünsiyyət yaradır.
Qızdan xoşu gəlir və onunla evlənmək qərarını qətiləşdirir.
Bir neçə dəfə həmin məkana gəlir, axırda ürəyini qıza açır, onu sevdiyini və ailə qurmaq istədiyini bildirir.
Qız isə onunla ailə qurmaq arzusunda olmadığını izhar etdikdə, Samir “sənin istədiyin oğlan var?” sualını verir. Aynurun bu suala cavabı “yox” olur, ancaq Samir da nikaha girmək niyyətinin olmadığını bildirir.
2021-ci ilin mayın 17-də Samir Aynuru evlənmək məqsədilə qaçırmaq qərarına gəlir. Yeznəsi Orxan və tanışı Zahiddən bu niyyətini həyata keçirmək üçün yardım istəyir.
Qaçırılma anı
Oğlan aptekə daxil olur, Aynurla salamlaşır və onunla getməsini tələb edir. Aynur buna razı olmur, bu zaman Samir “B” planını işə salır.
Aynurun qolundan tutub özünə çəkir, Aynur isə onu aparmaması üçün yalvarır.
Qızın iş yoldaşı olan digər xanım Samirin qarşısını almaq üçün Aynurun qolundan tutub özünə doğru çəkməyə başlayır.
Bu zaman Zahid içəri daxil olur, digər xanımı kənara itələyir, fürsətdən istifadə edən Samir Aynuru götürüb avtomobilə əyləşdirir.
Aynur şokdadır
Avtomobildə onlar arasında mübahisə yaşanmır, Aynur hadisənin təsirindən ayılmamış Samir onun qarşısında şərt irəli sürür. “Sən valideynlərinin mənimlə evlənməyinə razılıq vermədikləri üçün mənimlə qaçdığını bildir. Yoxsa, səni daha uzaq yerlərə aparacağam”.
Aynur bununla razılaşır. Samir Aynuru əvvəlcədən planlaşdırdığı yerə gətirir, qız anasına öz yazdığı məktubu ünvanlayır və hər şeyin yaxşı olduğunu bildirir.
Anasının narahatlığını başa düşərək ona Samirin telefonu ilə səsli mesaj da göndərir. Ancaq Aynurun anası qızın dediklərinə inanmır.
Bakıya doğru
Samirlə Aynur Bakıya yollanırlar. Samir Binə qəsəbəsində qalan tanışının evinə gedir, lakin tanışı Samirin Aynuru qaçırdığını bildikdə əsəbləşir. Bununla belə onlar bir gün burada qalırlar. Bu müddətdə Aynurun anası polisə şikayət etdiyindən polis araşdırmalara başlayır və bir gün sonra Samiri, Orxanı və Zahidi saxlayır.
Hökm
İstintaq materiallarında Samirlə Aynurun ifadələri eyniyyət təşkil edir. Aynur Samirlə barışır və ona qarşı heç bir tələb və şikayət irəli sürmür.
Məhkəmə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxsin adam oğurluğu) əsasında hökm çıxarıb.
Samirə, Orxana və Zahidə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Məhkəmə bu hökmü çıxararkən Cinayət Məcəlləsinin 70-ci maddəsini (şərti məhkumetmə) tətbiq edib.
Beləliklə, Samirə 3, Orxan və Zahidə hərəsinə 2 illik sınaq müddəti tanınıb. Yəni, onlar həbs edilməyiblər.
Aqşin Kərimov