"Azərbaycan Vəkillər Kollegiyası bölgələrdə vəkil xanımların sayının artırılması ilə bağlı tədbirlər görür".
Oxu.Az-a məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, kollegiya bu sahədə monitorinqlər aparır:
"Əsas məqsədimiz regionlarda vəkillərin sayının artırılmasıdır. Əsas problemlərdən biri xanım vəkillərin sayının azlığıdır. Xanım vəkillərin sayı ilk dəfə olaraq 21 faizə bərabər olacaq. Artıq xanım vəkillərin sayı 600-ə yaxınlaşır. Bu çox önəmlidir. Hesab edirəm, gender bərabərliyi peşəmizdə təmin olunmalıdır".
A.Bağırov deyib ki, bu gün and içən namizədlərin çoxu 40 yaşadək olan vəkillərdir:
"Gənc hüquqşünasların gəlişi vəkilliyi daha da müasirləşdirir, gücləndirir. Əvvəllər bir qayda olaraq vəkilliyə yaşlı nəslin nümayəndələri, təqaüdə çıxan, istefa verən şəxslər üz tuturdular. Bu gün tam əksinədir. Vəkillik digər peşələr üçün, o cümlədən hakimlik üçün kadr bankına çevrilib. Təqaüdə çıxan hakimlər isə vəkilliyə üz tuturlar. Çünki vəkillikdə yaş senzi yoxdur və sərbəst peşədir. İnsan özü vəkil seçdiyinə görə seçim imkanları daha çox olmalıdır. Bizim əsas məqsədimiz rəqabət mühitini gücləndirməkdir. Mən çox şadam ki, buna nail ola bilirik".
Samir Əli