İyunun 28-də “Elm çırağı” İctimai Birliyinin fəaliyyətinin bir illiyi qeyd olunmuş və birliyin sədri, professor Naidə Məmmədxanovanın “Literaturnıye vdoxnoveniya” kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən professor Naidə Məmmədxanova İctimai Birliyin bir il ərzində gördüyü işlərdən danışmışdır.
Bildirmişdir ki, təşkilatın yaranmasından cəmi bir il keçməsinə baxmayaraq, onun fəaliyyəti məhsuldar olmuşdur. İctimai Birlik tərəfindən maraqlı tədbirlər, o cümlədən Yaponiya, Fransa, İtaliya və Azərbaycan xalqlarının elm və mədəniyyət müstəvisini, eləcə də digər mühüm məsələləri əhatə edən ümumilikdə 7 respublika elmi seminarı, mütəmadi olaraq “dəyirmi masa”lar təşkil olunmuşdur.
Təşkilat Lökbatanda yerləşən, ürək xəstəliyindən əziyyət çəkən uşaqların müalicə olunduqları internat məktəbini də himayəyə götürmüşdür. Qurumun üzvləri öz vəsaitləri hesabına onlar üçün bayramların təşkili, oyuncaqların alınması kimi xeyriyyəçilik işlərini həyata keçirirlər.
Diqqətə çatdırılmışdır ki, “Elm çırağı” İctimai Birliyinin başlıca məqsədi dövlət tədbirlərinin, elmi tədqiqatların dəstəklənməsi yolu ilə cəmiyyətdə elmə və mədəniyyətə marağı artırmaq, habelə elmi seminarlar və kütləvi mədəni-maarifləndirmə tədbirləri vasitəsilə əhalini maarifləndirməkdir.
Birliyin məqsədləri sırasında Azərbaycanın və xarici ölkələrin təhsil, elm və mədəniyyət müəssisələri, habelə diplomatik missiyaların və diasporun nümayəndələri ilə əməkdaşlığa, istedadlı gənclərin qurumun sıralarına cəlb olunmasına, regional və beynəlxalq layihələrin həyata keçirilməsinə xüsusi yer ayrılır.
Professor Naidə Məmmədxanova “Elm çırağı” İctimai Birliyinin tədbirlərinin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən “Literaturnıye vdoxnoveniya” kitabına “Ön söz”ün müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Afət İslam, nəşrin redaktoru, Bakı Slavyan Universitetinin (BSU) professoru Məmməd Qocayev, BSU-nun professoru Aslan Məmmədli, dosentlərdən Nailə Xəndan, Vaqif Tahirov, Bakı Dövlət Universitetinin dosenti Bilqeyis Quliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının kafedra müdiri, professor Səidə İbrahimova “Elm çırağı” İctimai Birliyinin il ərzində həyata keçirdiyi layihələrdən danışmış, təqdimatı keçirilən kitabın əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Qeyd olunmuşdur ki, aktual məsələləri əhatə edən bu nəşr həm də müəllifin duyğu yarpaqlarıdır. Kitab oxucunu həm hiss etməyə, həm də düşünməyə sövq edir. Burada əksini tapan mətnlər əhatə dairəsi, dərin analizi, elmi təhlili, eyni zamanda, dilinin sadəliyi ilə də diqqəti xüsusi cəlb edir.
Professor Naidə Məmmədxanovanın “Literaturnıye vdoxnoveniya” kitabında müəllifin məruzələri, çıxışları, məqalələri, esseləri ilə yanaşı, “Elm çırağı” İctimai Birliyinin respublika elmi seminarları da əksini tapmışdır.
Müəllif kitabı mərhum qardaşı Anar Məmmədxanovun xatirəsinə həsr etmişdir.
Professor Naidə Məmmədxanova Qərbi Avropa, rus və Azərbaycan ədəbiyyatını əhatə edən 120 məqalənin, təqdimatı keçirilən nəşrlə birlikdə isə 9 kitabın müəllifidir..jpg)





Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin