Türkiyənin Kəmər vilayətində ailəsi ilə birlikdə istirahətdə olan 6 yaşlı azərbaycanlı qız hovuzda boğulub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kəmərin Göynük Məhəlləsi adlı yerində oteldə qalan Leyla Rzayeva oynayarkən hovuza düşüb.
Ətrafdakı turistlər tərəfindən təcili qaydada sudan çıxarılan qız təcili yardım maşını ilə Kəmər Yaşam Xəstəxanasına gətirilib, buradan isə Antalya Yaşam Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmayıb.
Leyla Rzayevanın xalası Ramidə Quliyevanın Anadolu Agentliyinin müxbirinə bildirdiyinə görə, oteldə heç bir təhlükəsizlik tədbiri görülməyib və otelin məsul şəxslərindən heç kim onlara kömək göstərməyib. Quliyeva otel rəhbərliyindən şikayət edəcəklərini də açıqlayıb.