Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general–polkovnik Elçin Quliyevin dəvəti ilə Belarusun Dövlət Sərhəd Komitəsinin (BR DSK) sədri general-polkovnik Maltsev Leonid Semyonoviçin başçılıq etdiyi nümayəndə heyəti 4-5 avqust tarixlərində Bakıya səfər edib.
DSX-dan Oxu.Az-a verilən məlumata görə, keçirilən görüş zamanı Azərbaycanın Dövlət Sərhəd Xidməti və Belarusun Dövlət Sərhəd Komitəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, miqrasiya proseslərinin idarə edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, təcrübə mübadiləsinin davam etdirilməsi, o cümlədən inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.
Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, atçılıq mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olublar.