Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xarici ölkədə baş verəcək hər hansı bir faktı gözləmədən mütəmadi araşdırma aparır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin “Aptamil” uşaq qidalarında GMO (geni modifikasiya olunmuş orqanizm) aşkarlanması faktına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, GMO yalnız bir partiya “Aptamil” uşaq qidalarında aşkar edilib, hansı ki, artıq Türkiyədə satışı qadağan edilib. Həmin partiyadan isə Azərbaycana idxal edilməyib. Buna baxmayaraq həmin uşaq qidalarının tərkibinin araşdırılması prosesini davam etdiririk. Hər hansı problem aşkar olunarsa “Aptamil” uşaq qidalarının Azərbaycana idxalı qadağan olunacaq.
Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin araşdırması nəticəsində “Aptamil” uşaq qidalarında GMO aşkar olunub.