Son zamanlar ölkənin televiziya kanallarında yayımlanan verilişlərdə etik normaların pozulması, nalayiq ifadələrin, tanınmışlar arasında düşən qalmaqalların gündəm yaratmaq xatirinə efirə verilməsi ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Bu səbəbdən sosial şəbəkələrdə televiziya kanallarına senzura tətbiqi tələb edilir.
Oxu.Az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas Pravda.az-a açıqlamasında deyib ki, senzuranın bərpası mümkün deyil:
"Senzuranı bərpa etmək olmaz. Sadəcə, Audiovizual Şura müvafiq tədbir görməli, cəzalandırmalıdır. Efiri 24 saat bağlamaq, reklam buraxmamaq və s. kimi tədbirlər görülməlidir. Yoxsa siz, biz, tamaşaçı nə edə bilər ki? Başqa nə cəza ola bilər? Döyəcəklər? Yenidən senzuranı qaytarmaq ayıbdır. Nə danışırsınız? Senzuranın ləğvi barədə qərarı ulu öndər Heydər Əliyev qəbul edib. Qaytarmaq olmaz".