“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən 28-29 iyun tarixlərində Qurban bayramı ilə əlaqədar respublika üzrə kəsim məntəqələrində diri heyvanların müayinəsi və ətin baytarlıq-sanitariya ekspertizası aparılaraq qurbanlıq heyvanların kəsimi həyata keçiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva bildirib.

Onun sözlərinə görə, müvafiq kəsim məntəqələrində AQTİ-nin baytarlıq laboratoriyası mövcuddur və bu laboratoriyalarda peşəkar baytar-həkimlər fəaliyyət göstərirlər:
“Qurban bayramı günlərində həmin laboratoriyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək və daxil olan nümunələr operativ şəkildə müayinəyə cəlb olunacaq. Belə ki, heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunələr götürülərək həmin laboratoriyalarda və eyni zamanda, Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə ediləcək”.

O qeyd edib ki, bu il ilk dəfə olaraq işğaldan azad edilmiş zonalarda - Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində heyvan kəsimi üçün çadırlar quraşdırılıb:
“Çadırlarda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları da fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir. Eyni zamanda, AQTİ-nin Bərdə və Göygöl rayonlarında stasionar baytarlıq laboratoriyaları var. Bayram günlərində zərurət yaransa, nümunələr təcili olaraq həmin laboratoriyalara çatdırılaraq müayinə ediləcək”.
İlhamə Əbülfət