Astara rayonunda aptekə edilən basqın xəbəri ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, basqın və hədə-qorxu ilə tələbetmə ilə bağlı müraciətin əsassız olduğu məlum olub:
“Həmin müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər arasında borc mübahisəsi var. İlkin araşdırma zamanı hədə-qorxu ilə tələbetmə faktı təsdiqini tapmayıb və həmin müraciətin qərəzli şəkildə edildiyi müəyyən olunub. Hazırda məsələ ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır”.
Qeyd edək ki, aptekə basqın edənin Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov olduğu iddia edilib.
“Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq Fateh Oxu.Az-a açıqlamasında bildirib ki, Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov şəxsi mübahisə zəminində borcunu istəyib:
“Orada heç bir basqın olmayıb. T.Fərhadovun borcunu tələb etməsinin “Azərpoçt” MMC ilə heç bir əlaqəsi yoxdur”.
İlhamə Əbülfət