Bu sənət mənə ata-babadan yadigar qalıb və çox sevirəm. Gözümü açandan atamın misgərlik sənətində çalışdığımı görmüşəm. Atam 86 il bu sənətin gücünə 6 övladının yaşayışını təmin edib, bizi boya-başa çatdırıb. İnsan gərək çörək qazandığı sənətin qiymətini bilsin.
Bu sözləri ata-baba yadigarı olan sənətə sahib çıxan Mehman Lahıclı deyib. Mehman dayı samovar, lampa, çıraq düzəldir. Antik əşyaların tarixini özünə qaytarır və bərpa edir. İllərdir bu sənətlə məşğul olan misgərçi deyir ki, peşələr heç vaxt unudulmur və peşəsini yaxşı bilən bütün insanlar halal çörəyini qazana bilir.
Çəkicin mis üzərində çıxardığı musiqili səsin sorağı tarixin dərinliklərinə qədər gedir. Misgərlər emalatxanalarında misdən teşt, samovar, lampa, çıraq və digər qablar hazırlayırlar. Bu gün misgərlik o dövrdəki kimi geniş yayılmasa da, indi müasir elementlərin mis üzərinə köçürülməsi daha çoxdur.
Oxu.Az-ın müxbiri Bakının tanınmış misgəri Mehman Lahıclı ilə həmsöhbət olub. Mehman dayı deyir ki, ağlı kəsəndən atasının gördüyü işə marağı olub.
“Bu, həm qədimi sənətdir, həm də ağır və şərəflidir. Sənətlər, peşələr çoxdur. Mən gözümü açandan atamı bu sənətdə görmüşəm. 86 il atamın bu sənətdən qazandığı pulların sayəsində xoş günlər görmüşük. Bir qəpik də haram pul yeməmişik. Atam 6 uşağı bu peşəsi ilə böyüdüb, ev-eşiyimizi təmin edib. Mən də bu peşəni atamdan sonra davam etdirirəm. Çətinliklər olur, alıcılar az olur. Amma yenə də mövsümdən asılı olaraq alıcılar olanda lap yaxşı olur.
Atam 40 il Dağıstanda işləyib, gedib-gəlirdi. Əvvəl mən də atamla gedib-gəlirdim. Sonra əsgərliyə getdim. Qayıtdıqdan sonra 10 il bu sahədə çalışmamışam, amma sonra bu peşəni davam etdirməyə başladım. Hətta şagirdlərim də var. Bir oğlum var, onun da bu sənəti davam etdirməsini arzu edirəm. Hələ gəncdir, amma anlayışı var bu sahə barədə. O da ata-baba sənətini qoruyub saxlayacaq”.
Mehman dayı deyir ki, lampalar, samovarlar qədimi, antik əşyalardır:
“Bu lampalardan hələ elektrik enerjisi verilən dövrə qədər geniş istifadə edilirdi. Lampalar müxtəlif olurdu. Neftlə işləmələrinə baxmayaraq, zərrə qədər olsun qoxusu gəlməzdi. O vaxt neft çox təmiz olurdu. His vermədikləri üçün tələbat çox olub. Bundan öncə durnaburun “kirovar”lar olub, sonra neft “kirovar”ları var idi. O dövrlərdə demək olar ki, hər evdə bunlardan olurdu. Elə ki elektrik enerjisi ilə təminat dövrü başlandı, bu lampalara tələbat azaldı. Artıq lampaları ancaq kolleksionerlər alır, təmir etdirib antik aksesuar kimi evində yadigar saxlayır. El adətlərinə görə, lampaları gəlin köçən qızlara cehiz deyə verərdilər.
Ümumiyyətlə, o dövrdə hər modeldə olub lampalar. İndi belə lampalar nə formasına görə, nə də keyfiyyətinə görə tapılmır. Son 15-20 ilə qədər belə şeyə fikir verən yox idi. Hamı aparıb verirdi dəmirçilərə, məhv edirdilər. Artıq tükənmək üzrə olduğu üçün hamı başlayıb axtarmağa. Ümumiyyətlə, o vaxt dədə-babalar deyirdilər ki, evdə çıraq, lampa, samovarın olması yaxşıdır. Son dövrlərdə təmir və tarixiliyinin bərpa olunması üçün lampalar, samovarlar gətirənlər var”.
Mehman dayı deyir ki, samovarın tarixi 1825-ci ildə Rusiyanın Tuğla şəhərində hazırlanıb:
“O dövrlərdə samovarların 70 faizi Azərbaycanın sifarişi ilə hazırlanırdı. İstehsal edilən samovarlar da ölkəyə gəldikcə hər kəs alıb evlərində qoyurdular. Adam var idi ki, evində hər növ samovar olub. Ən kasıb əhalinin evlərində 2-3 samovar olurdu. Son bir neçə ilə qədər metal qəbulu müəssisələrinə maşın-maşın samovar daşıyırdılar. O vaxt ölkəyə gətirilən 7-8 milyon samovardan indi 1 milyon samovar qalıb, ya qalmayıb. Hamısını yavaş-yavaş pul xətrinə satırdılar. 90-cı illərdən bu günə qədər bir dənə belə samovar bizim ölkəyə gəlmir. Əvvəl samovarların qiyməti də ucuz idi, indi bahadır. Bu gün ən ucuz samovar 150 manatdı, halbuki o vaxt 40 manat idi. Bu gün məndə 1840-50-ci illərə aid samovarlar var, antik hesab olunur. Onların üzərindəki işləmələr, möhürlər artıq tapılmır. 1885-ci ilin samovarları isə çox nadirdir. Bu illər ərzində cəmi bir dəfə görmüşəm, o da təmirə gətirmişdilər. Lahıcda mis samovarlar əldə düzəlir. O vaxt dəzgahlarda düzəldilən samovarları bu gün Lahıcda misgər sənətinin peşəkarları əl ilə düzəldirlər. Hətta samovarın üzərinə foto da həkk etmək mümkündür. Sənət qədim olsa da, tələbat azalsa da, bu, 10-cu əsrdən bu günə qədər gəlibsə, bundan sonra da davam edəcək”.
Tanınmışlardan bir çoxu Mehman dayının əl işlərinə heyran olub:
“Ədalət Şükürov 6-7 il bundan qabaq məndən samovar alıb. Cavanşir Məmmədovun özü məndən samovar alıb. Sənətkarlar sənətkara qiymət verir. Çox adam olur ki, özləri də gəlməsə, əl işimə görə eşidirlər, görürlər, onlar üçün samovarlar düzəltmişəm, təmir etmişəm. Bu gün şəraitim yoxdur, amma istəyərdim şərait olsun, 10-15 şagird hazırlayım. Bu peşəni davam etdirim”.
Könül Cəfərli
FOTO: Kərim Abbasov