ATV kanalında yayımlanan “Gün üzü” verilişində iştirak edən vətəndaşların sədaqət andı içmələrini əks etdirən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, verilişin aparıcısı İlqar Mikayıloğlu proqramda iştirak edən tamaşaçılara andın yazıldığı vərəqləri paylayaraq, onları ayağa qaldırıb və hər kəs birlikdə and içiblər.
Proses “Koroğlu” uvertürasının sədaları altında baş tutub.
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununda edilən dəyişikliyin tətbiqinə dair fərman imzalayıb.
Dəyişiklik nəticəsində sözügedən qanuna aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilib:
“Maddə 15-1. Azərbaycan Respublikası vətəndaşının andı
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:
“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan xalqının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.