Son günlər mətbuatda Bakı-2015 Avropa Oyunlarının baş tutacağı tarixlərdə paytaxtda toy mərasimlərinin keçirilməsinə qadağa qoyulması barədə məlumatlar yer alıb.
Həmin məlumatlarda bildirilir ki, paytaxtda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində toy təşkilinə icazə verilməyəcək.
Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, məsələ ilə bağlı heç bir qadağa yoxdur:
“Sadəcə tövsiyyələr edilir. Toy sahiblərinə deyilib ki, həmin ərəfədə toy etmək istəsələr, mümkünsə, tədbirlə əlaqədar təxirə salsınlar”.
V.Əsədov bildirib ki, tədbir keçiriləcəyi günlərdə toy mərasimlərinin təşkili qonaqların təhlükəsizliyi, idmançıların istənilən istiqamətdə hərəkətinin təmin olunmasında sıxlıq yarada bilər.
“Ona görə biz tövsiyyə edirik ki, çalışın toy mərasimlərini Avropa Oyunlarının idman tədbirlərinin keçirildiyi ərəfədə salmayın. Toy şənliklərini həmin ərəfəyə salmaqdan imtina edin. Əks halda bu sizin üçün əlavə problem, sıxlıq, gecikmələr, ləngimələr yaradacaq”.
V.Əsədov həmçinin bildirib ki, söhbət yalnız Bakı şəhərinin ərazisindən keçir.
“Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində toy mərasimlərinin keçirilməsi məqsədəuyğun deyil”, - deyə, V.Əsədov bildirib, və bunun mətbuatda yazıldığı kimi qadağa deyil, yalnız və yalnız Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin tövsiyyəsi olduğunu bildirib.