Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“AvtoFM” texniki yayıma başladı
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM ) 107.7 tezliyində “AvtoFM” radiosu texniki yayıma başlayıb.
Oxu.Az xəbər verir ki, NİİM-dən verilən xməlumata görə, əsas yayıma isə oktyabr ayında start veriləcək.
“AvtoFM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.
“AvtoFM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq.
Mərkəzin baş direktoru Elnur Abdullayev bildirib ki, bütün dünyada Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzlərinin nəqliyyat məlumatlarını əhaliyə operativ çatdırmaq üçün radio kanalları mövcuddur.
Artıq Azərbaycanda da bu praktikadan istifadə olunmağa başlanılmışdır və radionun fəaliyyəti daha çox sürücülərə və nəqliyyat istifadəçilərinə yönələcək.
Radioya dair 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının bu il aprelin 2-də keçirilmiş iclasında qəbul edilib.