Bərdə sakini həmkəndlisinin həyat yoldaşı ilə əlaqələri barədə sözlərinə görə ağır cəzalandırılıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Bərdə rayon prokurorluğundan dünən axşam rayonun ərazisində odlu silahın tətbiqi ilə qətl törədildiyini bildiriblər.
Alınmış məlumatlara görə, təxminən axşam saat 23:00 radələrində Vəliuşaqlı kəndində öz evinin qarşısında 1974-cü il təvəllüdlü Elman Qurbanov ov tüfəngindən öldürülüb. Bir qədər sonra isə elə həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Seymur Cəmilov polisə gələrək təslim olub.
İlkin dindirmə zamanı saxlanılmış şəxs bildirib ki, Qurbanovla onun arasında olan münaqişə yeddi ildir ki, davam edir. Lakin Qurbanovun yaydığı şaiyələr qulağına çatdıqda, Cəmilovun səbri tükənib. Qonşusu hər yerdə deyirmiş ki, Cəmilovun arvadı ilə yaxınlıq edib və beləliklə, təkcə qadının deyil, həm də onun ailəsinin namusunu ləkələyib. Əslində isə belə bir şey olmayıb.
Kəndlisini susmağa məcbur etmək üçün Cəmilov tüfənglə silahlanıb və Qurbanovun evinə gəlib. Kişi burada qonşusunu həyətə çağıraraq, yerində güllələyib.
Hazırda faktla bağlı araşdırma aparılır.