Azərbaycanda 1197 nəfərə avtomatik şəkildə pensiya təyin olunub.
Oxu.Az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 11 yanvar 2014-cü il tarixinə olan statistikaya əsasən, 1197 nəfərə avtomatlaşdırılmış qaydada vahid mərkəzdən pensiya təyin olunub.
İndiyədək bu sistem vasitəsilə təyinat aparılan şəxslərin 299 nəfəri Bakı şəhərində, 898 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Pensiya təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib. Eyni zamanda, vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilib.
Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına ötən ilin 11 iyul tarixindən etibarən başlanılıb. Yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Çağrı Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına səbəb olub.
Gülnarə Zeynalova
www.oxu.az