Ötən ilin yayında Nabrandakı istirahət mərkəzindəki hovuzda üzərkən su nasosunun sovurması nəticəsində ayağı qopan 4 yaşlı İmran Cəfərzadənin müalicəsinin reabilitasiya mərhələsinə başlanılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İmranın xalası Əzizə Baxşəliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, müalicənin reabilitasiya mərhələsi üçün İmranı Almaniyanın Berlin şəhərindən Drezdenə aparıblar:
“Reabilitasiya kursu bir az vaxt aparmalıdır. İmran hələ ki, reabilitasiya kursu keçir. Axırıncı əməliyyatdan sonra müalicəsi Drezden şəhərində davam edir”.
Ə.Baxşəliyevanın sözlərinə görə, həkimlər balaca İmranın orqanizminin reabilitasiya kursuna necə cavab verəcəyini gözləyirlər:
“Həkimlərin təyin etdikləri plan əsasında reabilitasiya prosesi gedir. Hər şey reabilitasiyanın gedişindən asılıdır.”
Xalası hələlik ona protez ayaq qoyulmadığını deyib. Onun sözlərinə görə, reabilitasiyanın müəyyən mərhələsində İmranın ayağına protez qoyacaqlar. Hələ müalicə o mərhələyə çatdırılmayıb.
Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, İmran Cəfərzadənin vəziyyəti normaldır və müalicəsi əvvəlki qaydada davam edir.
Qeyd edək ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunda çimərkən 3 yaşlı İmran Cəfərzadə işə düşən və üzəri açıq olan su nasosuna sovrulub. Nəticədə körpənin bir ayağı qopub, digərində isə ciddi zədələr meydana gəlib. Hazırda İmran Cəfərzadənin müalicəsi prezidentin xüsusi göstərişi ilə Almaniyada davam etdirilir.