“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir.
Xüsusən, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən aşağıdakı tədbirlər görülür:
- uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata keçirilir;
- AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib;
- hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir;
- hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.
Hava gəmilərinin göyərtəsində görülən tədbirlər haqqında videonu keçiddən izləyə bilərsiniz:
Sərnişinlər tərəfindən Azərbaycanda əlaqə məlumatları və hava gəmisində oturacaq yerinin nömrəsi qeyd edilməklə, sağlamlıq vəziyyəti haqqında xüsusi anketin doldurulması və Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldikdə hava gəmisinin ekipajı tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşlarına mütləq qaydada təqdim edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən bütün aviaşirkətlərin nəzərinə çatdırılmış və tapşırılıb.
Hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman qida konteynerləri qablar və süfrə ləvazimatları ilə birlikdə dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emal edilir.
Yuxarıda sadalanan tədbirlər vəziyyəti nəzarətdə saxlamağa və koronavirus infeksiyasının ölkənin hava nəqliyyatı vasitəsilə yayılması ehtimalını minimallaşdırmağa imkan verir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda operativ qərargah yaradılmış və reyslərin uçuş cədvəlindəki dəyişikliklər və digər aviasiya prosedurları ilə bağlı bütün məsələlərlə əlaqədar müraciət edə biləcəyiniz, 24 saat fəaliyyət göstərən qaynar xətt fəaliyyət göstərir: (+994 12) 497 85 89.