Azərbaycanda ilk dəfə olaraq, ölkədə ən populyar sosial şəbəkə olan Facebook-da ölkəmizin adını daşıyan ən böyük səhifənin – “Azərbaycan” səhifəsinə üzv olan istifadəçilərin sayı 500 min nəfəri ötdü.
Oxu.Az xəbər verir ki, 2008-ci ildə yaradılmış Azərbaycan səhifəsinin əsas məqsədi Vətənimiz Azərbaycana aid məlumatlar, ölkəmizin görməli yerlərinin fotoşəkillərinin paylaşılması, gənclərimizin vətənpərvər ruhda tərbiyələndirilməsi istiqamətində materialların yerləşdirilməsidir.
Səhifədə əsas etibarilə Azərbaycanda baş vermiş tarixi hadisələrin baş verdiyi günlərdə, tarixi şəxsiyyətlərimizin, o cümlədən Azərbaycan Respublikası Milli Qəhrəmanlarının doğum günlərində həmin mövzularda materiallar yerləşdirilir. Bundan başqa, səhifədə ölkəmizin rayonları, şəhərləri, tarixi yerləri və turizm mərkəzlərinin fotoşəkillərinin paylaşılması ilə həmin sahələrə marağın artırılması da mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa, səhifə barədə məlumatlara daxil olan şəxslər burada Azərbaycanımızın çoxəsrlik tarixi haqqında çox geniş məlumat əldə edə bilərlər. “Azərbaycan” səhifəsinin sloqanı - əsas şüarı isə belədir: “Unutmayın, güc birliyimizdədir!”. Səhifəyə üzv olmaq, orada yerləşdirilən materiallarla tanış olmaq üçün ünvan: www.facebook.com/azerbaycan.baku