BDU-nun tələbəsi itkin düşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə itkin düşdüyü bildirilən Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovun yaxınları məlumat veriblər.
A.Məmmədov şənbə günü evdən internet kluba getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
A.Məmmədov mobil telefonunda “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının üstünə tabut şəkli yerləşdirib. Onun yaxınları Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.
Yoxa çıxan tələbə Asim Məmmədovun Facebook profilində isə yazılan statuslar maraq doğurur:
“Sizin xeyir-duanıza çox-çox ehtiyac duyuram. Rəhman və Rəhim Allahdan istəyirəm ki, xidmət göstərməkdə qüsur və təqsirli olduğuma görə üzrümü qəbul edəsiniz. Millətə ümidvaram ki, xidmət göstərməkdə təqsirli və qüsurlu olduğuma görə üzrümü qəbul edib qüdrət, iradə və qətiyyətlə irəli gedəcəksiniz.”
A.Məmmədov bu statusunu iki gün bundan öncə - yoxa çıxdığı gün yazıb.
İtkin düşən tələbənin profilində daha çox radikal dini statuslar nəzərə çarpır.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən verilən məlumata görə, hazırda A.Məmmədovun tapılması istiqamətində iş aparılır.