2014-cü ilin may ayının 11-də Vaşinqtonda Analar Gününə həsr olunmuş qaçış start götürüb.
Oxu.Az xəbər verir ki, marafonun analara həsr edilməsi ailələrə bu qaçışa qoşulmağa çağırış kimi səslənib. Qaçışın marşrutu Rok Qrik parkında Biç Drayv boyu olub. Bu qaçışda 100 nəfər iştirak edib.
Qaçışdan əldə edilən məbləğ 9 yaşından 14 yaşınadək uşaqların üzgüçülük, velosiped sürmə, qaçış və tiratlonun əsaslarını öyrədən, eləcə də düzgün qidalanma, çeviklik sahəsində maariflənməsinin təmin edilməsi ilə məşğul olan ACHİEVE təşkilatına təqdim edilib.
Qaçışın baş sponsoru Azərbaycan-Amerika Alyansıdır. Onun loqotipi bütün iştirakçıların köynəklərində, bilərzik və su şüşələrinin üzərində həkk edilib. Bundan başqa, arzu edən hər kəsin maraqlandığı informasiyanı və Alyans tərəfindən quraşdırılmış masadan broşur əldə etmək imkanı olub.
Bu qəbildən olan qaçışlar Merilend, Virciniya və Vaşinqton ştatlarında yaz və yayda keçirilir. Qaçışın 5 km-dən ibarət olduğunu nəzərə alaraq burada müxtəlif təbəqələrdən və yaş kateqoriyalarına aid insanlar iştirak edir. Bu tədbirin sayəsində insanlar bir yerə toplanır və müxtəlif tarixi günləri qeyd edirlər. Qaçışlar adətən müxtəlif, məsələn, xərçəng xəstəliyinin tədqiqinə, Analar Günü və ya orduya dəstək kimi tarixi günlərə həsr olunur.
Sponsorlara isə brendlərini hava şarlarında, su şüşələrində, bilərziklərdə, bayraqlarda və qaçış trası boyunca reklam lövhələrində, eləcə də internet saytlarda əks etdirmək imkanı yaradılır. Sponsorluq razılaşmaları bu işdə maraqlı olan şirkət və təşkilatlara müxtəlif paketlərdə təqdim olunur.
Azərbaycan-Amerika Alyansı mədəniyyət, cəmiyyət, sənaye, tarix və Azərbaycan xalqının həyatında baş verən cari hadisələr barədə ətraflı informasiya təqdim edən qeyri-kommersiya strukturudur. Strukturun məqsədi Alyansı maraqlandıran məsələlərin təhlili və təbliğidir.
Alyansın əsas vəzifələrindən biri də Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət atmosferinin təmin edilməsidir. Alyans Azərbaycan və Amerika arasında stabil əməkdaşlığı təmin etməyə çalışan əsas təşkilat olmaq niyyətindədir.
Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Garant Holding şirkətinin Direktorlar Şurasının sədri Anar Məmmədovdur.