Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan dili ilə bağlı yenilik: Sertifikasiya imtahanı CEFR səviyyəsində keçiriləcək - FOTO
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının modelini təqdim edib.
Oxu.Az xəbər verir ki, martın 5-də DİM-də bununla bağlı tədbir keçirilib və modellə yanaşı Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər də açıqlanıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Yunus Əmrə İnstitutu və digər təşkilatların nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışı zamanı ölkəmizin öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldığını qeyd edib:
“Müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır.
Ölkə rəhbərliyinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları dilin istifadəsinə və tədqiqinə dövlət qayğısının bariz göstəricisidir.
DİM tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi prioritet məsələ kimi müəyyən edilib. Bu məqsədlə DİM mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb.
Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.
“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib”.
“Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR - The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib”, - deyə sədr qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin baş müəllimi və proqramın həmmüəlliflərindən biri Səbinə Əliyeva proqramın yaranma zərurəti, əhatə dairəsi və qarşıya qoyulan hədəflər haqqında məlumat verib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy isə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı” modelinə aid təqdimatla çıxış edib.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Abiturientlərə qanunsuz cihaz satan şəxsə cəza verildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ
- DİM taksi sürücüləri üçün imtahan keçirib
- Azərbaycanda Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib, sədr seçilib
- Hakim olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Rəylər