Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 34,9 min nəfər və ya 0,4 % artaraq 2015-ci il may ayının 1-i vəziyyətinə 9 milyon 627,9 min nəfərə çatıb.
Oxu.Az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub.
Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.Ümumi əhalinin 53,1 %-i şəhər, 46,9 %-i isə kənd sakinləridir.
Cari ilin yanvar-aprel ayları ərzində ölkədə 53,5 min körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 təşkil etmişdir. Doğulanların 53,6 %-i oğlan, 46,4 %-i qızlardır.
Komitə bildirir ki, 2015-ci ilin 4 ayı ərzində ölkədə 19,1 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,5-dən 6,1-ə qədər azalıb.
Cari ilin 4 ayı ərzində rəsmi orqanlar tərəfindən 24,3 min nikah və 4,2 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,8, boşanmaların sayı isə 1,4 olub.
Cari ilin yanvar-aprel aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 727 nəfər gələn və 269 nəfər ölkədən gedən qeydə alınıb.
Ülviyyə R. Əli
www.oxu.az