Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan iyunda mobil internetin sürətinə görə üç pillə geriləyib
Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 29,47 Mb/s sürətlə 116-cı yerdə qərarlaşıb.
“Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, may və aprel ayı ilə müqayisədə dəyişiklik olmamasını göstərir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,29 Mb/s), sonuncu yeri isə Kuba (1,96 Mb/s) tutub.
Məlumata görə, ölkəmiz iyunda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,39 Mb/s sürətlə 59-cu yerdə qərarlaşıb. Bu isə aprelə nisbətən 3 pillə geriləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (200,24 Mb/s), sonuncu - 140-cı yeri isə Əfqanıstan (2,38 Mb/s) tutub.
Bundan başqa, iyunda Bakı şəhəri mobil internetin sürətinə görə 6 pillə geriləyərək 42,42 Mb/s sürətlə 169 şəhər arasında 78-ci yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 258,32 Mb/s sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 1,31 Mb/s sürətlə Sudanın Xartum şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,92 Mb/s sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu Dabi şəhəri 273,05 Mb/s sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,89 Mb/s sürətlə sonuncu olub.