Bu gün - dekabrın 21-i axşam saat 22:11 radələrində qış fəsli başlayır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fəlsəfə elmlər doktoru Ədalət Ətai jurnalistlərə açıqlamasında deyib ki, bu il 21 dekabr tarixində yer qış günəş duruşu nöqtəsindən keçəcək.
Bu anın dekabrın 21-i saat 22:11-dən başlanacağını deyən Ə.Ətai qeyd edib ki, qış günəş duruşundan keçəndən sona yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış gəlir:
“Bu hərəkət epliktika boyunca davam edir. Bu da o deməkdir ki, Yer epliktika boyunca hərəkəti zamanı 4 əsas nöqtədən keçir və proses Qış günəş duruşundan yaz bərabərliyi nöqtəsinə kimi davam edir. Həmin nöqtədə gecə-gündüz bərabərləşir. Qış günəş duruşundan keçəndən bir neçə gün sonra gündüzlərin uzunluğu artacaq, gecələrin uzunluğu isə azalacaq.
Alim vurğulayıb ki, kainatda və planetlər sistemi üçün sabit kəmiyyət yoxdur. Bu zaman keçdikcə çox cüzi olaraq müəyyən dəyişiklilərin olduğunu deyən Ə.Ətai qeyd edib ki, tropik ilin uzunluğu, yəni bir ilin uzunluğu 4 min ildə 12 saniyə uzanıb. Onun sözlərinə gör, bu çox kiçik rəqəm olduğundan insanlar bunu hiss etmir.