Şamaxıda yanacaqdoldurma məntəqəsinə basqın edilib. Qarət hadisəsi dünən gecə Çıraqlı kəndinin yaxınlığında qeydə alınıb.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, Qobustan rayon Təkləmirzəbaba kənd sakinləriKərimov Bəkir və Dəmirov Razil soyğunçuluq etmək üçün əlbir olublar. İçkili vəziyyətdə olan Bəkir və Razil xəncər və bıçaqla satıcıya hədə-qorxu gəlib və ona bir neçə zərbə endiriblər.
Satıcının əlindəki pulları və telefonu tələb edən soyğunçular məntəqəni yandıracaqları ilə hədələyiblər. Satıcı əlində olan 592 manat pulu onlara vermək məcburiyyətində qalıb. Bundan sonra hər iki şəxs ərazidən uzaqlaşıb. Ancaq çox keçmədən Şamaxı polisi cinayəti törədən hər iki şəxsi saxlamağa müvəffəq olub.
Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Faktla bağlı Şamaxı RPŞ–nin İstintaq Bölməsində AR CM-nin 181.1 ci maddəsi ilə cinayət işi başlanılıb, iptidai istintaq aparılır.