Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycana idxal olunan TOYUQ ƏTİNDƏ təhlükə var?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) istehlakçıları Rusiyadan idxal olunan toyuq ətində təhlükə ilə bağlı xəbərdarlıq edib.
Assosiasiyanın İctimaiyyətlə əlaqələr və analitika departamentindən Oxu.Az-a verilən məlumata görə, 2024-cü ildən başlayaraq Azərbaycana xaricdən, xüsusilə də Rusiyadan toyuq ətinin idxalında artım müşahidə olunur:
"Ölkənin daxili tələbatının təmin olunması üçün xaricdən ərzaq mallarının, o cümlədən də toyuq ətinin idxalı təbii prosesdir, çünki yerli istehsal daxili tələbatı tam təmin etmək üçün yetərli deyil. Lakin idxal olunan məhsulun keyfiyyəti Azərbaycanda qəbul olunmuş qida təhlükəsizliyi tələblərinə mütləq cavab verməlidir".
"Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana Rusiyadan 10 833,2 ton ev toyuğu əti idxal olunub. Rusiyadan gətirilən toyuq əti, əsasən, ana toyuqların ətidir. Hansı ki, həmin toyuqlar qocalaraq yumurta vermək potensialını itiriblər. Belə toyuqların əti çox keyfiyyətsiz, demək olar ki, bütün qida dəyərini itirmiş formadadır", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, ötən ilin əvvəlindən Rusiyada toyuq ətinin çatışmazlığı və qiymətlərin sürətlə bahalaşması baş verib:
"Nəticədə Rusiya hökuməti 100 min ton toyuq əti idxalını rüsumlardan tamamilə azad edib. Əgər Rusiyanın özündə toyuq əti qıtlığı yaşanırsa, idxal rüsumlardan azad olunursa, bu ölkədən normal qida dəyəri olan toyuq ətinin ixracına imkan verilə bilərmi? Yaxud normal toyuq ətinin qiyməti ixrac ölkəsi Rusiyada, Azərbaycanda qeydə alınan qiymətdən ikiqat ucuz ola bilərmi? Bütün bunları nəzərə alaraq, Azərbaycan istehlakçılarını diqqətli olmağa, əlaqədar dövlət qurumlarını isə keyfiyyətsiz məhsulların ölkəyə idxalının qarşısını almağa çağırırıq", - deyə bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlanıb.
Aləmdə Nəsib
Rəylər