Azərbaycanda 120 904 ailənin hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı yardım ödənilir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu sözləri hakim partiyanın saytına verdiyi müsahibədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.
Onun sözlərinə görə, 2006-cı ilin ortalarından etibarən ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur.
Ötən dövr ərzində ünvanlı yardım sistemi yüz minlərlə ailəni əhatə etmişdir.
Həmçinin bu mexanizm daim təkmilləşdirilmiş, onun əhatə dairəsi genişləndirilmiş, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılmışdır.
Ünvanlı yardımın təyin edilməsi üçün müəyyən edilmiş ehtiyac meyarı isə 2006-cı ildə 30 manat olduğu halda, növbəti illərdə 3,1 dəfə artırılaraq, 2013-cü ilin əvvəlindən 93 manata çatdırılıb. 2013-cü ilin 6 ayının yekununa olan məlumata əsasən, 120 904 ailənin hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı yardım ödənilir.
Onu da bildirim ki, bir çox ölkələrdə donorlar hesabına ödənilən ünvanlı yardımlar Azərbaycanda məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə verilir.