Azərbaycanda artıq 25 uşağa sümük iliyi köçürülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına 2014-cü ildən başlanılıb.
Nazirlikdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub, 391 uşağın üzərində kardiocərrahiyyə əməliyyatı həyata keçirilib.
Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb.
2015-ci il ərzində 81 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
E.Ə.
www.oxu.az