Göyçay rayonunun Qarayazı və Bığır kəndləri ərazisində baş verən yanğın sahəsi genişlənib.
Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, iyulun 13-ü axşam saatlarından başlayaraq dağlıq ərazidə baş verən yanğın qısa müddətdə geniş ərazini əhatə edib.
Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin Göyçay və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə Bığır və Qarayazı kəndləri ərazisində vətəndaşlara məxsus nar bağlarında və taxıl sahələrində 3 gündür ki, fasilələrlə yanğınlar baş verir.
Yanğınsöndürənlər alovun qarşısını alaraq yanğını tamamilə söndürsələr də sonradan naməlum səbəbdən həmin ərazidə yenidən yanğınlar baş verir. Məlumata görə, son 3 gündə həmin ərazidə ümumilikdə 12 hektar nar bağı, 15 hektar taxıl sahəsi, kol-kos, xırda ağaclar yanıb.
Yanğınların hansı səbəbdən baş verdiyi araşdırılır.
Əlavə edək ki, FHN-nin yaydığı məlumata görə, Şəki rayonunda da yanğın baş verib. Məlumata əsasən Şəki rayonu, Sarıca kəndində (rayon mərkəzindən 70 km aralı) bələdiyyəyə məxsus ərazidə 42 ha biçilmiş taxıl sahəsi yanıb.
Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az