Keçən günlərdə Baku TV-də yayımlanan "Aktual Gündəm" verilişində Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi ölkə ərazisində 90-a yaxın çimərlik olduğunu və onlardan yalnız yeddisinin ödənişsiz fəaliyyət göstərdiyini bildirib.
Bu məsələ öz növbəsində ciddi suallar doğurur.
Çünki tez-tez çimərliklərin iş adamları tərəfindən zəbt olunmasından və ödənişli olmasından narazılıqlar səsləndirilir. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşərkən çimərliklərə girişin ödənişsiz təşkil olunmasının vacibliyini vurğulayıblar. "Çimərliyə giriş ödənişsiz, amma xidmətlərdən istifadə ödənişli olmalıdır", - vətəndaşlardan biri söyləyib.
Bəs çimmək üçün qadağan edilən ərazilər hansı meyarlarla müəyyən edilir?
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildirilib ki, onlar tərəfindən yalnız təhlükəsizlik məsələlərinə baxılır və vətəndaşlara burada çimməyin təhlükəli olduğu deyilir. Çimərliklərin ümumi sayına gəlincə isə "Aktual Gündəm" verilişində səsləndirilən rəqəmlərin təxmini say olduğu qurum tərəfindən qeyd olunub.