“British Council” və PAŞA Bank, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan edirlər.
Oxu.Az xəbər verir ki, layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.
2013-cü ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10-15 iştirakçı seçiləcək. Təlimlər zamanı fəal iştirak və yekun müsahibə nəticəsində seçilmiş 2 iştirakçı Böyük Britaniyada Tomson Fondu təşkilatı tərəfindən təşkil edilmiş yay təçrübə proqramında iştirak edəcəkdir. Layihə çərçivəsində iştirakçılara biznes jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcək.
Proqram əsasən jurnalistlərin aşağıdakı bilik və səriştələrini artırmağı nəzərdə tutur: məqalə yazma tərzləri, oçerklərin yazılması, reportajların hazırlanması, xəbərlərin yazılması, müsahibə alma texnikası və praktikası.
Təlim iqtisadiyyat jurnalistikası, biznes jurnalistikası və onlayn media, etika qaydaları, məlumatın balansın və doğru çatdırılması mövzularını əhatə edir.
İştirakçıların jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi olmalı, ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli, bütün təlim kurslarında iştirak edə bilməlidir.
Seçimdə iştirak üçün ərizə formasını təqdim etmək, inşa yazmaq, yerli təlim və ingilis dili kurslarında iştirak üçün ilkin müsahibədən, daha sonda isə Britaniyada yay təcrübə proqramına qatılmaq üçün müsahibədən keçmək lazımdır.
Qaliblər Böyük Britaniyada yay təcrübə proqramına qatılacaqlar.
Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən yükləməlidirlər.
Doldurulmuş ərizə formaları və CV-lər 2013-cü il 20 sentyabr tarixindən gec olmayaraq enquiries@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidirlər.
Qeyd edək ki, iştirakçıların bütün təlim kurslarında iştirak etməsi mütləqdir, əvvəlki Biznes Jurnalistika layihəsində iştirak edən iştirakçılar bu layihəyə yenidən müraciət edə bilməzlər.