Hökumət Evində yerləşən dövlət qurumları beş gün ərzində fəaliyyət göstərməyəcək.
Oxu.Az-ın məlumatına görə, aprelin 24-dən 28-nə kimi Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları tətilə gedirlər.
Aprel ayının 27 və 28-i müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyindən, Hökumət Evindəki qurumların əməkdaşları ümumilikdə beş gün işləməyəcək.
Buna səbəb “Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsidir. Hökumət Evinə giriş bağlanıldığından, binada yerləşən qurumlar fəaliyyətini dayandırıb.
Bu binada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının insan Hüquqları üzrə müvəkkili (Ombudsman), Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və digər qurumlar yerləşir.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-nə qədər davam edəcək.
İlhamə Əbülfət
Rəylər