Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi imtiyazlar verilir. Azərbaycanda isə hələlik bu məsələ açıq olaraq qalır. Baxmayaraq ki, Azərbaycanın əhalisi artmaqda davam edir, lakin hələlik ölkədə “çoxuşaqlı ailə” statusu müəyyən olunmayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, əgər statistikaya nəzər salsaq görərik ki, 2013-cü ilin sonuna ölkəmizdəki əhalinin sayı 9,4 mln. təşkil edib. 1991-ci ildə isə bu rəqəm 2,2 mln. az olub. Lakin statistik rəqəmlərdə göstərilir ki, 1991-ci ildə hər min nəfərə doğulan uşaqların sayı 26,6 təşkil edirdisə, 2013-cü ildə bu rəqəm azalaraq 18,6 olub. Bu da ailələrdə çox uşaqlılığa meylin azaldığını göstərir.
Bəs Azərbaycanda uşaqların sayı neçə nəfər olduqda ailə çoxuşaqlı sayılır? Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, hələlik bu barədə xüsusi qanunvericilik aktı yoxdur. Komitənin şöbə müdiri Taliyə İbrahimovanın ANS PRESS-ə verdiyi məlumata görə, 2013-cü ildə sosial müavinətlər haqqında qanuna dəyişikliklər edilən zaman beşdən çox uşağı olan ailələrə sosial müavinət müəyyən edilib. Lakin Taliyə xanım bunun çoxuşaqlı ailələrin statusu kimi qiymətləndirilmədiyini deyir.
“Кomitə olaraq biz təklif etmişik ki, bu barədə xüsusi qanunvericilik aktı qabul edilsin. Bizim tərəfdən layihə də hazırlanaraq hökumətə təqdim edilmişdi. Layihədə beş uşaqlı ailə “çoxuşaqlı ailə” kimi göstərilirdi. O cümlədən, üçəm uşaqlı ailələri də həmin statusa daxil etmişdik. Layihədə “Qəhrəman ana” statusunu on uşağı olan qadınlar üçün nəzərdə tutmuşduq. Ancaq bu günə qədər bu, layihə olaraq qalıb”, - deyə Taliyə İbrahimova bildirib.
Taliyə İbrahimova min nəfərə doğulan uşaqların sayının azalması məsələsinin araşdırılmalı olduğunu bildirib: “Ümumiyyətlə demoqrafik problemlərdən daha çox çoxuşaqlı ailələrin vəziyyətilə maraqlanmalıyıq. Bu sahədə geniş bir tədqiqat aparılmalıdır. Yəni ailələrin ehtiyacları və tələbatları öyrənilməlidir. Gələcəkdə belə tədqiqatlar aparılacaq”.
Komitə rəsmisi deyir ki, əslində dövlətin aztəminatlı ailələrə yardımları mövcuddur. Taliyə İbrahimova ehtiyacı olan ailələrə ünvanlı sosial yardımın 2013-cü ildən 93 manata qaldırılmasını da təqdirəlayiq addım kimi qiymətləndirir. Komitə rəsmisi bunun imkansız ailələr üçün dövlət dəstəyi olduğunu hesab edir.
Taliyə İbrahimova həmçinin bildirib ki, son zamanlar Azərbaycanda çoxuşaqlı ailələr yaşayış yerlərinin olmaması ilə bağlı problemlərdən əziyyət çəkirlər.
“Bu gün çoxuşaqlı ailələrdə olan problem yaşayış sahəsi ilə bağlıdır. Yerli icra hakimiyyətlərinin səlahiyyətləri var ki, çoxuşaqlı ailələrin sosial müdafiəsilə bağlı müəyyən tədbirlər görsünlər. İcra nümayəndələri belə ailələrlə maraqlanmalıdırlar. Torpaq sahəsi ayrılmalıdır. Hansısa problemlərini həll etməlidirlər. Əgər müraciət olunarsa, bu yalnız imkan daxilində olur”, - deyə Taliyə İbrahimova bildirib.