Zaqatala stansiyasından 47 kilometr şimalda daha bir zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:16-da Zaqatala stansiyasından 47 kilometr şimalda, Rusiya ərazisində zəlzələ baş verib.
Maqnitudası 3,4 olan zəlzələ 24 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:42-də Zaqatala stansiyasından 47 kilometr şimalda, Rusiya ərazisində daha bir zəlzələ olub. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
11:14
“Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasında qeydə alınan zəlzələ Azərbaycanda da hiss edilib”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, şimal və şimal-qərb rayonlarımızda zəlzələ 4-3 bala kimi hiss olunub:
“Zəlzələ birbaşa Azərbaycanla əlaqəli deyil. Sadəcə maqnitudası 5,8 olduğu üçün həmsərhəd rayonlara müəyyən təsiri var”.
O əlavə edib ki, baş verən zəlzələnin Azərbaycanın zəlzələ ocağı ilə əlaqəli deyil. Seysmoloji aktiv bölgələrdə mütəmadi olaraq zəlzələlər qeydə alınır:
“Bizim stansiyalarımız hər gün 20-dən çox zəif təkanları qeydə alır. Heç kim deyə bilməz ki, zəlzələ olmayacaq. Seysmik bölgələr üçün zəlzələlərin olması xarakterikdir”.
10:57
Gəncə, Goranboy və Zaqatalada zəlzələ olub.
Oxu.Az-a yerli sakinlərin verdiyi məlumata görə, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.
Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarına görə, Cənubi Qafqazda mərkəzi Mahaçqala olan 5,6 ballıq zəlzələ qeydə alınıb.
İlhamə Əbülfət