Göyçayda kütləvi zəhərlənmə hadisəsi rayondakı “Zeynəb” şadlıq sarayında baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, iftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib. Çox keçmədən məlum olub ki, 12 nəfərdən 10-u zəhərlənib.
Rayonun Çərəkə kənd sakinləri - Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov evə getdikdən sonra ürəkbulanma və qusma halları yarandığından xəstəxanaya müraciət ediblər.
Həkimlərin səyi nəticəsində onların hər biri müayinə-müalicə tədbirləri başa çatdıqdan sonra evə buraxılıb.
Hadisəyə səbəb kimi restoranda verilən qidalar göstərilir. AQTA nümayəndələri hadisə baş verən şadlıq sarayına baxış keçirib. Qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib. Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.
10:48
TƏBİB Göyçay rayonunda kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.
Qurumdan Oxu.Az-a bildirilib ki, 19.04.2022-ci il saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:
“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”.
09:40
Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, rayonun Çərəkə kənd sakinləri ötən gün iftar süfrəsinə toplaşıblar.
Məclisdən sonra orada iştirak edən 10 nəfər xəstəxanaya müraciət edib.
Onların pomidordan zəhərləndikləri ehtimal edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Polis Şöbəsinə məsələ ilə bağlı məlumat daxil olub. İlkin araşdırma aparılıb. Toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
İlhamə Əbülfət