Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda korrupsiya ilə daha güclü mübarizə aparacaqlar
Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin və müavinlərinin təsnifat statusu, rəisin və idarənin səlahiyyətləri artırılır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Prokurorluq haqqında” qanunlara əlavə və dəyişikliklər təklif edilir.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin təsnifat statusu artırılaraq ikinci təsnifata – baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir. İdarənin müavinləri və idarə rəislərinin təsnifatı isə Baş Prokurorluğun idarə və müstəqil şöbə rəislərinin, hərbi prokurorun müavinlərinin mənsub olduğu üçüncü təsnifata yüksəldilir.
Qanuna təklif olunan 18.3.2-1-ci maddəsinə əsasən isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin səlahiyyətləri artırılır. Yeni maddəyə əsasən, idarənin işçilərinə rütbələrin verilməsi ilə bağlı təqdimatı artıq idarə rəisi özü edəcək (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir). “Prokurorluq haqqında” qanunun 8-ci maddəsinə təklif olunan əlavəyə görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlandırılır və prokurorluğun sistemi və təşkili siyahısına daxil edilir.
Eyni zamanda qanuna Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və onun rəisinin səlahiyyətlərinin artırılması ilə bağlı 11-1-ci maddə təklif olunur. Əlavəyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxacaq, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat - axtarış fəaliyyətini həyata keçirəcək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edəcək və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayacaq, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə baş prokuror qarşısında məsələ qaldıracaq.
İdarə öz fəaliyyəti barədə baş prokuror vasitəsi ilə Azərbaycan Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına mütəmadi məlumat verəcək (hazırda bu məlumatlar yalnız sorğu əsasında həyata keçirilir).
Edilən əlavə maddədə o da göstərilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəzifəsinə görə baş prokurorun müavini hesab edilən baş idarənin rəisi rəhbərlik edəcək.
İdarə rəisi əməkdaşların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatlar vermək səlahiyyətinə malik olacaq (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir).
Qanunlara edilən əlavə və dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisdə kadr dəyişikliyi olub
- Deputatdan həmkarına dəstək: "Boşanmış biri normal məsləhət VERƏ BİLMƏZ"
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI