Koxlear implantasiyaya ehtiyacı olan uşaqlarımızın sayı təxminən 300-450 arasındadır.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda hər il ən azı 100-120 anadangəlmə eşitmə qüsurlu uşağın koxlear implantasiyaya, cərrahi əməliyyata ehtiyacı yaranır:
“Koxlear implant, yəni, anadangəlmə eşitmə qüsurlu uşaqlarla bağlı əməliyyat 0-3 yaşları arasında olmalıdır.
Çünki bu yaşlardan sonra aparılan əməliyyatların heç bir xeyri olmur. Həmin uşaqlar nəinki eşidə, hətta, danışa da bilmirlər. Ona görə həmin uşaqların 0-3 yaşları arasında əməliyyat edilmələri vacibdir və mütləqdir.
Azərbaycanda da artıq koxlear implantasiya aparılır. Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə işlər görülür.
Amma uzun illər bu məsələdə bir qədər lənglik, maliyyə vəsaiti çatışmazlığı olub. 100-1300 arasında anadangəlmə eşitmə qüsurlu uşaq var ki, onların koxlear implantasiyaya ehtiyacı yaranıb”.

Komitə sədrinin müavini xatırladıb ki, bu məsələ ilə bağlı son 2-3 ildə parlamentdə dəfələrlə məsələ qaldırılıb.
“Azərbaycan dövləti, ölkə prezidenti cənab İlham Əliyev də çox sağ olsun ki, qaldırılan məsələyə vaxtında, çox diqqətlə, çox həssaslıqla yanaşdı və koxlear implantasiya, anadangəlmə eşitmə qüsurlu uşaqların əməliyyatı, müalicəsi üçün dövlət büdcəsindən 4 milyon manat vəsait ayırdı.
Bu baxımdan, 2019-cu ilin dövlət büdcəsində bununla bağlı artımın olacağı şübhəsizdir, amma bu məsələ ayrıca qrafa şəklində göstərilməyib.
Bu məsələ büdcənin səhiyyə xərclərində yer alıb.
Səhiyyə xərcləri ilə də bağlı çox böyük atım nəzərdə tutulur.
Əgər 2018-ci ildə səhiyyə xərcləri 770 milyon manat idisə, 2019-cu ildə bu xərclərin 1 milyard 40 milyon manat həcmində olması proqnozlaşdırılır...”, - deyə, M. Quliyev sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az