Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.
TQDK-dan Oxu.Az-a verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.
Qəbul imtahanı Bakı şəhərində 30, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 19521, Naxçıvanda 535, Gəncədə 1975, Mingəçevirdə 424, Şəkidə 355, Lənkəranda isə 420 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 161 imtahan rəhbəri, 1759 nəzarətçi-müəllim cəlb olunub.
Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.