Ali Məhkəmənin Plenumu ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Qərara əsasən, respublikada xüsusi karantin rejiminin mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutularaq, mayın 4-dək uzadılıb.
Plenumda xüsusi karantin rejiminin uzadılması nəzərə alınaraq “Azərbaycanda Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” qərar qəbul edilib.
Qərarda Azərbaycanın bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin olunması tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilib.
Məhkəmələrə həmçinin, İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub.
Koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsi tam aradan qaldırılmadığından Azərbaycan Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib, hazırkı Plenum qərarının aprelin 23-dən mayın 4-dək qüvvədə qalması nəzərdə tutulub.