80 yaşlı Fatma Şərifova ailə qursa da övladı olmayıb.
Dünyaya övlad gətirə bilməyən Fatma çox uşaqlı qohumlarının birindən övladlığa oğlan uşağı götürüb.
Fatma xanımın oğulluğu, Səftər Məmmədov İsmayıllıda orta məktəbi əla qiymətlərlə oxuyub qurtarandan sonra Bakıda Pedaqoji Universitetə daxil olub.
Universitetdən sonra hərbi xidmətə yollanan Səftər əsgərliyini başa vuraraq İsmayıllıya qayıdıb. Səftər Məmmədov orta məktəbdə müəllim işləməyə başlayıb. Fatma nənə müəllim işləyən oğlunu qohumu ilə nişanlayıb.
Uşaqlara savad verməklə yanaşı Səftər müəllim həmin məktəbdə müəllim işləyən Zülfiyyə Niftəliyeva ilə də yaxın münasibət qurub. Münasibət o qədər yaxın olub ki, 9 ay sonra Zülfiyyənin uşağı olub.
Səftər Məmmədov başqası ilə nişanlı olduğunu əsas gətirərək uşaqdan imtina edib. Vəziyyət belə olanda Zülfiyyənin anası Dilşad Səftərin analığı Fatmaya zəng edib. Uşaqdan xəbərsiz olan Fatma, nənə olmasına sevinməyib. Lakin sevinmədiyini qızın anasına bildirməyib. Və ona gəlib uşağı görəcəyinə söz verib.
Niftəliyevlərin evinə gələn Fatma nənə Dilşad xanıma bildirib ki, nəvəmə baxmağa gəlmişəm. Uşaq yatan otağa daxil olan Fatma otaqda tək olmasından istifadə edərək nəvəsinin başındakı papağı çıxarıb ağzına basıb. Uşaq boğulub öləndən sonra papağı başına qoyub “uşaq öldü” deyə qışqırmağa başlayıb.
Dilşad və qızı ağlayanda onları sakitləşdirib ki, “bu ölüm həm sizə, həm də bizə sərf edir. Çox səs-küy salmayın, gəlin sakitcə onu aparıb həyətdə basdıraq” deyib.
Bu təklif Niftəliyevləri razı salmadığından onlar hadisə barədə polisə məlumat veriblər. İlkin dindirmələr zamanı şübhəli şəxs qismində saxlanılan 80 yaşlı Fatma Şərifova uşağın ölümündə günahının olmadığını bildirib. Lakin keçirilən ekspertizalarda uşağın papağı ilə boğulması və papaqda nənəsinin əl izləri aşkarlanıb.
6 ay davam edən istintaq nəticəsində Fatma Şərifovaya qəsdən adam öldürmə maddəsi ilə ittiham elan edilərək cinayət işi məhkəməyə göndərilib.
Fatma nənə məhkəmədə günahsız olduğunu desə də, dindirilən şahidlər, keçirilən ekspertizalar bunu əksini təsdiqləyib. 80 yaşlı Fatma Şərifovanı yeni doğulan nəvəsini qətlə yetirməkdə təqsirli bilən məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.
www.gun.az