"Heç bir qlobal şirkət obyektiv səbəblərdən 10 milyonluq bazar üçün Azərbaycanca model inkişaf etdirməyəcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Mədəniyyətlərarası Rəqəmsal Gələcəklər: Rəqəmsal və Süni İntellekt Əsrinə Qədəm Qoyan Cəmiyyətlər üçün Mədəniyyətlərarası Rəqəmsal Səriştə" adlı panel sessiyada deyib.

O bildirib ki, Azərbaycanda rəqəmsal transformasiya sahəsində müxtəlif addımlar atılır:
"Birinci növbədə ölkədə Azərbaycandilli modellərə üstünlük veririk. İkincisi, insanların süni intellektdən istifadəsi ilə bağlı kibertəhlükəsizlik sahəsində təlimlərin keçirilməsi və maariflənmədir. Digər önəmli məqam uşaqlardır. Onların rəqəmsal dünyada təhlükələrdən qorunması üçün Elm və Təhsil Nazirliyi ilə də işlər görürük. Odur ki, biz bu potensialı özümüz qururuq və bu, bizim üçün suverenlik məsələsinə çevrilib. Azərbaycan dilində modellər bizə dövlət xidmətlərini təqdim etməyə kömək edir".
Nazir müavini vurğulayıb ki, texnologiya uşaqlarımıza xidmət etməlidir, əksi olmamalıdır:
"Demək istəyirik ki, rəqəmsal əsr buna hazırlığımızdan asılı olmayaraq mədəni olsun. Bizim əsas vəzifəmiz bunun həm də insanpərvər olmasını təmin etməkdir. Ailədə yaşlılara qayğı göstərməyi soruşanda cavabın bizim dəyərlərə bənzəməsi kifayət qədər insanidir".