Son rəqəmlərə görə, Azərbaycanda şagird kompüter nisbəti 18:1-ə olub.
Şagird kompyuter nisbəti informaisya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin yalnız bir göstəricisidir. Təbii ki, bir sıra istiqamətlər var. Hər bir istiqamətlər ilə bağlı Təhsil Nazirliyi tərəfindən sistemli iş aparılır.
Oxu.Az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
“İlbəil vahid təhsil şəbəkəsinə qoşulan təhsil müəssisələri arasında orda təqdim olunan internet xidmətləri, sürəti artırılır. Son illər Təhsil nazirliyinin çox böyük diqqət verdiyi istiqamətlərindən biri elektron məzmunun yaradılması və formalaşdırılması, genişləndirlməsidir”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, hazırda nazirlik bütün ölkənin təhsil sistemini əhatə edən yeni məlumat bazasının tətbiqinə başlayır:
“Bir sıra layihələrin yarışmaların elektron məzmun üzərində qurulur. Eyni zamanda, informasiya kommunikasiya texnologiyalarının təhsilin idarə edilməsində daha geniş istifadəsi prioritet istiqamətlərdəndir. Hazırda biz yaxın zamanlarda bütün ölkənin təhsil sistemini əhatə edən yeni məlumat bazasının tətbiqinə başlayırıq.
Hesab edirik ki, növbəti təhsil ilindən başlayaraq bütün ümumtəhsil sistemi üzrə bütün məlumatlar operativ şəkildə həmin baza üzərindən tətbiq ediləcək və hesabatlar həmin formatdan götürüləcək Yəni, bu işlər davamlı olaraq davam edir”.
Nazir müavini Azərbaycanda 5 günlük təhsilin ləğvi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Azərbaycanda 5 günlük təhsilin ləğvi ilə bağlı yayılan məlumatlar dəqiq deyil. Ümumilikdə normal dərs bölgüsü bir qayda olaraq, 5 günlük tədris həftəsi üzərində qurulur və təşkil edilir.
Ancaq bununla belə bəzi məktəblərdə yerlərin sıxlığını nəzərə alaraq 6 günlük həftə ilə çalışan məktəblərimiz var. Ancaq əsas məktəblərimiz 5 günlük dərs həftəsi ilə çalışır”.
Ülviyyə R. Əli
www.oxu.az